Yenişehir Wiki
Register
Advertisement


Azerice Birinci söz[]

Birinci Söz: Bəsmələ Risaləsi


"Bismillah" hər xeyrin başıdır. Biz də onunla başlayarıq. Bil, ey nəfsim, bu mübarək kəlimə İslam nişanı olduğu kimi, bütün mövcüdatın hal dili ilə etdiyi zikridir.

"Bismillah" nə böyük tükənməz bir qüvvət, nə çox bitməz bir bərəkət olduğunu anlamaq istəyirsənsə, bu hekayəciyə bax, dinlə.

Bədəvi ərəb çöllərində səyahət edən adama gərəkdir ki, bir qəbilə rəisinin ismini alsın və himayəsinə girsin. Ta ki düşmənlərin şərindən qurtulub ehtiyaclarını tədarük edə bilsin. Yoxsa təkbaşına hədsiz düşmən və ehtiyaclarına qarşı pərişan olacaqdır.

Məhz belə bir səyahət üçün iki adam səhraya çıxıb gedirlər. Onlardan biri təvazökar, digəri isə məğrur idi. Təvazökar bir rəisin ismini aldı. Məğrur almadı... Alan şəxs hər yerdə salamat gəzdi. Bir yolkəsənə rast gəlsə, deyər: "Mən filan rəisin ismiylə gəzirəm." Yolkəsən dəf olar gedər, ilişə bilməz. Bir çadıra girsə, o ad ilə hörmət görər. O biri, məğrur, bütün səyahətində elə bəlalar çəkər ki, təsəvvürə gəlməz. Daima titrəyər, daima dilənçilik edərdi. Beləcə həm zəlil, həm rəzil oldu.

Bəli, ey məğrur nəfsim! Sən o səyyahsan. Bu dünya isə bir çöldür. Acizliyin və fağırlığın hədsizdir. Düşmənin, ehtiyacların nəhayətsizdir. Madam ki elədir, bu səhranın Maliki-Əbədisi və Hakimi-Əzəlisinin ismini al. Ta ki bütün kainata qarşı dilənçilikdən və hər hadisənin qarşısında titrəməkdən qurtulasan.

Bəli, bu kəlimə elə mübarək bir xəzinədir ki, nəhayətsiz acizliyin və fağırlığın səni sonsuz qüdrətə, rəhmətə bağlayıb Qadir-i Rahimin dərgahında acizliyi, fəqirliyi ən məqbul bir şəfaətçi edər. Bəli, bu kəlmə ilə hərəkət edən o adama bənzər ki, əsgərliyə qeyd olur, dövlət naminə hərəkət edər. Heç bir kimsədən qorxusu qalmaz. "Qanun naminə, dövlət naminə" deyər, hər işi görər, hər şeyə qarşı dayanar.

Başda demişdik: bütün mövcudat hal dili ilə "Bismillah" deyər. Eləmi?

Bəli, görsən ki, bir tək adam gəldi, bütün şəhər əhalisini məcburən bir yerə sövq etdi və məcburi işlərdə çalışdırdı. Gərək biləsən; o adam öz adıyla, öz qüvvəsiylə hərəkət etmir. şübhəsiz, o bir əsgərdir ki, dövlət naminə hərəkət edər. Bir padşahın qüvvətinə istinad edər.

Eləcə də: Hər şey Cənabı-Haqqın naminə hərəkət edər ki: zərrəciklər kimi toxumlar, çəyirdəklər başlarında nəhəng ağacları daşıyır, dağ kimi yükləri qaldırırlar. Demək, hər bir ağac "Bismillah" deyir; Rəhmət xəzinəsi meyvələrindən əllərini doldurub, bizlərə təqdim edirlər.

Hər bir bostan "Bismillah" deyir; Allahın qüdrət mətbəxindən bir qazan olur ki, içində çeşid-çeşid, müxtəlif ləziz təamlar birlikdə bişirilir.

Hər bir inək, dəvə, qoyun, keçi kimi mübarək heyvanlar, "Bismillah" deyir; Rəhmət feyzindən bir süd çeşməsi olur. Bizlərə, Rəzzaq naminə ən lətif, ən təmiz, abi-həyat kimi bir qidanı təqdim edirlər.

Hər bir bitki, ağac və otların ipək kimi yumşaq kök və rişələri "Bismillah" deyər, sərt olan daş və torpağı dələr, keçər. "Allah naminə", Rəhman naminə" deyir, hər şey ona tabe olur.

Bəli, havada budaqların inkişafı və meyvə verməsi kimi o sərt daş və torpaqdakı köklərin asanlıqla inkişaf etməsi və yer altında məhsul verməsi, həm şiddətli hərarətə qarşı nazik, yaşıl yarpaqların aylarla yaş qalması, təbiətpərəstlərin ağzına şiddətlə sillə vurur, kor olası gözünə barmağını soxur və deyir: "Ən güvəndiyin sərtlik və hərarət də əmr altında hərəkət edir ki; o ipək kimi yumşaq rişələr Həzrəti Musanın (ə.s.) əsası kimi فَقُلْناَ اضْرِبْ بِعَصَاكَ الْحَجَرَ əmrinə tabe olub, daşları parçalayır. Və o incə kağız kimi zərif, nazənin yarpaqlar, Həzrəti İbrahimin (ə.s.) vücudu kimi, şiddətli hərarətə qarşı يَا نَارُ كُونِى بَرْداً وَسَلاَماً ayətini oxuyurlar".

Madam ki, hər şey mənən "Bismillah" deyir, Allah naminə Allahın nemətlərini gətirib bizlərə verirlər. Biz də "Bismillah" deməliyik. Allah naminə verməliyik. Allah naminə almalıyıq. Elə isə Allah naminə verməyən qafil insanlardan almamalıyıq...

Sual: Vasitəçi hökmündə olan insanlara bir haqq, bir qiymət veririk. Əcaba, əsl mal sahibi olan Allah, bizdən nə qiymət istəyir?

Cavab: Bəli, Münim-i Həqiqinin bizdən o qiymətli nemətlərə, mallara qarşılıq istədiyi üç şeydir: Biri zikr, biri şükür, biri fikirdir. Başda "Bismillah" zikrdir. Axırda "Əlhəmdulillah" şükürdür. Ortada bu qiymətli və xariqə sənət olan nemətlərin Əhad, Samədin qüdrətinin möcüzəsi və rəhmətinin hədiyyəsi olduğunu düşünmək və dərk etmək fikirdir.

Bir padşahın qiymətli bir hədiyyəsini sənə gətirən miskin bir adamın ayağını öpüb hədiyyə sahibini tanımamaq nə dərəcədə qəbahətdirsə, eləcə də, zahiri nemət verənləri mədh və məhəbbət edib, Münim-i Həqiqini unutmaq ondan min dəfə daha qəbahətdir.

Ey nəfs! Belə cahil olmamaq istərsənsə Allah naminə ver... Allah naminə al... Allah naminə başla... Allah naminə işlə... Vəssalam

Advertisement